Bakı, Koroğlu Rəhimov, 70

Azərbaycanlı şagirdlər robot düzəltmə yarışına çıxdılar

İyunun 23-də Məktəblilərarası I Robot Olimpiadası qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Olimpiadanın keçirilməsində əsas məqsəd məktəblilər arasında robototexnika sahəsinə marağı artırmaq, robot texnologiyalarından sərbəst istifadə bacarığını formalaşdırmaq və Azərbaycanda İKT sahəsi üzrə peşəkar kadrların hazırlanmasına şərait yaratmaqdan ibarət olub.

Tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, millət vəkilləri, bir sıra dövlət və özəl qurumların və təhsil müəssisələrinin rəhbərləri, tanınmış ziyalılar, münsiflər heyətinin sədrləri və üzvləri, olimpiada qalibləri və təhsil ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Təhsil nazirinin müavini Ceyhun Bayramov məktəblilər arasında keçirilən bu olimpiadanın əhəmiyyətindən danışıb və qalibləri təbrik edərək onlara uğurlar arzulayıb. Nazir müavini Məktəblilərarası I Robot Olimpiadasının daha geniş çərçivədə təşkilinin mümkünlüyünü bildirib.

Tədbirdə Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi və olimpiada qalibləri haqqında hesabat videoçarxı nümayiş olunub. Qeyd olunub ki, Məktəblilərarası I Robot Olimpiadasının keçirilməsi beynəlxalq robot və layihə olimpiadalarının təşkilati təcrübəsinə əsaslanır.

Sonda qalib gələn şagirdlərə medal, diplom, sertifikat və qiymətli hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Məktəblilərarası I Robot Olimpiadası Təhsil Nazirliyi və “İstək” liseyinin birgə təşkilatçılığı, Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası (AREA), Bakı Mühəndislik Universiteti, “Edumedia-Azərbaycan”, “Edutainment” şirkəti, “Microsoft Azərbaycan” şirkəti və STEP Kompüter Akademiyasının  tərəfdaşlığı ilə həyata keçirilib.

3 kateqoriya – “Line follower”, “Lego sumo” və “Hardware control” kateqoriyaları üzrə təşkil olunan olimpiadada Bakı, Sumqayıt, Şirvan, Quba, Mingəçevir, Gəncə, Ağdaş və Lənkəran şəhərlərinin təmsil edən 100-ə yaxın şagird 45 layihə ilə  çıxış edib.

 

Sizə həftəsonu elektron dərslərinin nümunəsini göndərək?


Bəli
Xeyr

Zəhmət olmasa formu doldurun